Azari

Həzrət imam Huseyn (əleyhissəlam) Qurani-Kərimdə

25 July 2025

07:55

۱۶

Xəbərin xülasəsi :
Ali-İmran surəsi, 61-ci, Mubahilə ayəsi

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Huseyn (əleyhissəlam) Qurani-Kərimdə

Mubahilə ayəsi

Ali-İmran surəsi 61-ci ayə

فمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةَ اللّهِ عَلَي الْكَاذِبِينَ

“Sənə gələn elmdən sonra kim bu barədə səninlə mübahisə edərsə, de ki: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra Allaha üz tutub yalançılara Allahın lənətini diləyək”.

Mübarək ayənin qısa şərhi:

“Nəbtəhil” kəlməsi dua üçün əlləri və qolları səmaya doğru açmaq mənasını verən “İbtihal” kökündəndir və bu sözə görə bu mübarək ayə “Mübahələ” ayəsi kimi tanınıb.

Mübahələ iki müxalif qrupun Allaha diqqət və yalvarması, onların nəzərincə batil tərəfdarı olan qarşı tərəf üçün Allahdan lənət və həlakət istəməsi deməkdir.[1]

Şiə və sünni təfsirlərində və bəzi hədis və tarix kitablarında oxuyuruq ki, hicrətin onuncu ilində Allah Rəsulu (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) tərəfindən Yəmənin Nəcran bölgəsinə İslamı təbliğ etmək üçün bir neçə nəfər göndərilmişdir. Nəcran xristianları da İslam Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ilə söhbət etmək üçün öz tərəflərində Mədinəyə bir heyət göndərdilər.

Onlarla Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəfələrlə mübahisə etmələrinə baxmayaraq, yenə də bəhanələr gətirir və İslamın həqiqəti ilə bağlı şübhələrini bildirirdilər. Bu ayə Peyğəmbərə xitabən nazil olmuşdur: Səninlə mübahisə edənlərə və haqqı qəbul etməyənlərə de ki:

“Övladlarımızı, qadınlarımızı və özümüzü çağıraraq Allaha yalvaraq, yalançıları dua və yalvarışla lənətləyək. Qarşı dəstəyə çatan hər bir lənət onun yolunun batil olduğunu sübut edəcək və bununla da bu müzakirə və mübahisəyə son qoyaq.”

Nəcran xristianlarının nümayəndələri Peyğəmbəri-Əkrəmdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Mübahələ təklifini eşidəndə bir-birlərinə baxıb heyrətləndilər. Bu barədə düşünmək və məsləhətləşmək üçün vaxt istədilər. Xristianların ağsaqqalı onlara dedi: “Təklifi qəbul edin və əgər Peyğəmbərin çox səs-küy və böyük izdihamla lənət oxumağa gəldiyini görsəniz, narahat olmayın və bilin ki, bu heç bir şey deyil, lakin o, bir neçə nəfərlə meydana gəlsə, mübahalə etməkdən çəkinin və onunla barışın”.

Mübahələ günü onlar İslam Peyğəmbərinin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) iki uşaq, bir gənc və bir qadınla çölə çıxdığını gördülər. İki uşaq Həsən və Hüseyn (əleyhiməssəlam), gənc Əli ibn Əbi Talib (əleyhiməssəlam), qadın isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızı Fatimeyi Zəhra (əleyha səlam) idi.

Xristian yepiskopu dedi: "Mən üzlər görürəm ki, Allahdan bir dağı yerindən qaldırmasını istəsələr, dağı qaldıracaqlar. Bu insanlar lənət etsələr, yer üzündə bir nəfər də olsun xristian qalmaz". Buna görə də onlar Mübahalədən çəkindiklərini elan etdilər və güzəştə getməyə razı oldular.[2]

Bu hadisə şiə təfsirlərindən əlavə, etibarlı sünni mənbələrində də qeyd olunur.[3]

Mübahələ günü Zilhiccə ayının iyirmi dördüncü və ya iyirmi beşinci günü idi və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dövründə olan bu yer, hazırda şəhərin daxilində, Mədinə şəhərinin xaricindədir və həmin yerdə “Məscidul-İcabə” adlı bir məscid tikilmişdir. Bu məscidlə Peyğəmbər məscidi arasında təxminən iki kilometr məsafə var. “Allahım, onun ziyarətini və şəfaətini bizə nəsib et”.

“Təfsirül-Mizan”da bir rəvayətə görə, Mübahələ dəvəti yalnız xristianlara aid deyildi və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) yəhudiləri də Mübahələyə çağırmışdır.

Mübahalə yalnız Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dövrünə aid deyildi, lakin bəzi rəvayətlərə görə, digər möminlər də mübahalə edə bilərlər.

İmam Sadiq (əleyhissalam) bu barədə göstəriş verib.[4]

Sual: Bu hadisədə yalnız Fatimeyi-Zəhra (s.ə) iştirak edirdi, bəs Qurani-kərim niyə “qadınlarımızı” cəm halında işlətmişdir?

Cavab: Quranda elə hallar var ki, Allah bir insanı “cəm” adlandırır, məsələn, “Ali-İmran” surəsinin 181-ci ayəsində bir şəxs təhqiredici bir tonda demişdir: “Allah yoxsuldur”, lakin ayədə cəm şəklində deyilir:

«الّذين قالوا انّ اللّه فقير»

Necə ki, Qurani-Kərim İbrahim peyğəmbər (əleyhissalam) haqqında buyurur: “İbrahim bir ümmətdir”, baxmayaraq ki, o, bir nəfərdən çox deyildi.

Baxmayaraq ki, Peyğəmbər şəxsən lənətləyə bilərdi və Əli, Fatimə, Həsən və Hüseyni (əleyhimussəlam) özü ilə gətirməyə də bilərdi. Amma Allah və Rəsulu bu hərəkətlə bizə başa salır ki, bu şəxslər Allah Rəsulunun haqqa dəvətində və hədəfində onun yardımçıları və şərikləridirlər və onunla birlikdə təhlükəni qarşılamağa və onun hərəkətini davam etdirməyə hazırdırlar.


[1] Əttəhqiq fi kəlimatil-Quran (Əllamə Mustafəvi)

[2] Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Məni haqq peyğəmbər edənə and olsun ki, əgər Mübahalə yerinə yetirilsəydi, o vadi onların üzərinə od yağırardı”. Təfsir Məcmə əl-Bəyan; Mənaqib İbn Məğazi, səh. 263.

[3] Möhtəşəm “Təfsirül-Mizan” kitabının müəllifi üçüncü cildinin 257-ci səhifəsində bildirir ki, Mübahilə hadisəsini 51 səhabə yekdilliklə rəvayət etmişdir. Təfsiri-Kəbir, Alusi və Mərağinin təfsirləri (ayənin davamında), “Əl-Kamil İbn Əsir” kitabının 2-ci cild, səh 293, “Müstədrəkul-Hakim”, 3-cü cild, səh 150, “Müsnəd Əhməd Hənbəl”, 1-ci cild, səhifə 185, həmçinin “Ruhul-Bəyan”, “Əl-Minar”, İbn Kəsir və digər mənbələrin təfsirləri bu hadisəni qeydə alıb nəql etmişlər. “İhqaqul-həq” kitabının müəllifi 3-cü cild, səh 46-da altmış əhli-sünnə aliminin adını da qeyd edir ki, onların hamısı demişlər: Bu ayə Peyğəmbərin və onun Əhli-beytinin (əleyhimussəlam) əzəmətindən bəhs edir.

[4] Təfsir Nurus-Səqəleyn, cild. 1, səh. 351; Usul əl-Kafi, cild. 2, Mübahalə haqqında fəsil

(ardı var)

Etiketlər :

Həzrət imam Huseyn (əleyhissəlam) Qurani-Kərimdə