Həzrət imam Səccad əleyhissəlamın şəhadət günü
27 July 2025
12:37
۱۵
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Hicri-qəməri 1447-cı il məhərrəm ayının 12-i, miladi 2025-ci il iyulun 7-i bir nəqlə əsasən, həzrət Seyyiduş-şuhədanın əziz oğlu, Kərbəlada Bəni-Uməyyə kafirlərinin törətdikləri faciənin canlı şahidi həzrət imam Əli ibn Huseyn Zeynul-Abidin əleyhiməssəlamın şəhadət günüdür.
Məhərrəm ayının 12-si eyni zamanda Kərbəla vaqeəsindən sonra Yezidin ordusu tərəfindən əsir düşmüş Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz Əhli-Beytinin (əleyhimussəlam) Kufəyə aparıldıqları gündür...
Bu əzəmətli müsibət günü ilk növbədə həzrət Səccadın əziz övladı imam Sahib əz-Zəmana (Allah-taala onun gəlişini tezləşdirsin), eləcə də Əhli-beyt (əleyhimussəlam) məktəbinin bütün davamçılarına və məhərrəm ayında matəm və əza saxlayan mömin bacı-qardaşlara böyük hüznlə təsəlli və başsağlığı deyirik. Ümid edirik möminlər Tasua və Aşurada olduğu kimi bu günün hörmətini saxlayacaq, Peyğəmbər və Əhli-beytin (əleyhimussəlam) qəm-qüssəsinə şərik olacaqlar, inşa Allah.
Həzrət imam Səccad əleyhissəlamın həyatına qısa baxış:
Həzrət imam Əli ibn Huseyn ibn Əli ibn Əbi Talib əleyhimussəlam həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Əhli-Beytindən olan 4-cü Məsum imamdır.
Əziz atası həzrət Huseyn ibn Əli (əleyhiməssəlam) və məşhur nəqlə əsasən hörmətli anası İran şahzadəsinin qızı Şəhribanu olmuşdur.
Həzrət Səccad əleyhissəlam hicri-qəməri 38-ci ildə müqəddəs Mədinə şəhərində dünyaya gəlmişdir. Hicri 61-ci il məhərrəm ayının 10-da əziz atası həzrət imam Huseyn əleyhissəlam Kərbəla vaqeəsində şəhid olduqdan sonra, həzrət Səccad əleyhissəlamın imaməti tarixin ağır və sıxıntılı dövründə başlanmış və bu müddət təqribən 34 il (61-95 q) davam etmişdir.
Həzrətin məşhur kunyələrindən Əbu Muhəmməd, Əbul Həsən və Əbul Huseyn, eləcə də ləqəblərindən Zeynul-Abidin, Seyyidus-Sacidin, Səccad adlarını saymaq olar.
Həzrət imam Səccad əleyhissəlamın “Səhifei-Səccadiyyə”, “Risalətul-huquq”, “Əbu Həmzəi-Sumali duası” və Şam vilayətində bəyan etdiyi məşhur xütbəsi İslam maarifinin möhtəşəm inciləridir.
Həzrət Zeynul-Abidin əleyhissəlamın imamət dövründə baş vermiş hadisələrdən Kərbəla vaqeəsindən sonra Əhli-Beyt əleyhimussəlamın Kufə və Şam şəhərlərinə əsir aparılması, “Hərrə vaqeəsi”, müqəddəs Kəbənin Yezidin əsgərləri tərəfindən yandırılması, “Təvvabin qiyamı” və Muxtarın qiyamını qeyd etmək olar.
Həzrət Səccad əleyhissəlam imamət dövründə Bəni Uməyyə hakimlərindən, Yəzib ibn Muaviyə, Abdullah ibn Zubeyr, Muaviyə ibn Yəzid, Mərvan ibn Həkəm, Əbdulməlik ibn Mərvan və Vəlid ibn Əbdulməlikin xilafəti ilə müsadif olmuşdur.
Həzrət Səccad əleyhissəlam hicri 95-ci ildə təqribən 57 yaşında Vəlid ibn Əbdulməlikin göstərişi ilə şəhadətə çatmış və müqəddəs məzarı Mədinə şəhərində, Bəqi qəbiristanındadır.
Həzrət imam Səccad əleyhissəlamın dürəfşan hədislərindən:
وَ الذُّنُوبُ الّتى تُنزِلُ النِّقَمَ عِصیانُ العارِفِ بِالبَغىِ وَ التَطاوُلُ عَلَى النّاسِ وَ الاِستِهزاءُ بهِم وَ السُّخریَّةُ مِنهُم
“Əzaba səbəb olan günahlar bunlardır: kiməsə bilərəkdən zülm etmək, insanların haqqını tapdalamaq, insanı istehza edib, məsxərəyə qoymaq.”[1]
[1] Məanil-Əxbar, səh. 270
İltimas dua!