Həzrət imam Baqir əleyhissəlamın təvəllüdü
21 December 2025
18:41
۰
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Baqir əleyhissəlamın təvəllüdü
Hicri-qəməri 1447-ci il, rəcəb ayının 1-i, miladi 2025-ci il, dekabrın 22-i imamət və vilayət səmasının beşinci parlaq günəşi, elm zirvələrini fəth edən həzrət imam Baqir əleyhissəlamın təvəllüd günüdür. Mübarək rəcəb ayının ilk günü ilə müvafiq olan bu böyük sevinc gününü öncə həzrət Sahib əz-Zaman əleyhissəlama (Allah-təala o həzrətin zühurunu tezləşdirsin), sonra Əhli-Beyt (əleyhimussəlam) aşiqlərinə təbrik və gözünüz aydın deyirik.
Bütün haqsevən insanlara bu bərəkətli və əzəmətli rəcəb ayında cismi və mənəvi sağlamlıq, düzgün əqidə, izzət və başıucalıq, İlahinin dərgahına yaxınlıq diləyirik.
İmam Baqir əleyhissəlamın həyatı barədə qısa məlumat
Həzrət imam Baqir (əleyhissəlam) hicrətin əlli yeddinci ilində Mədinə şəhərində dünyaya gəlmişdir.[1]
Atası İmam Zeynül-abidin əleyhissəlamın vəfatı vaxtı Həzrətin otuz yeddi, yaxud otuz səkkiz yaşı var idi.
Adı Muhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirul-ulum olmuşdur. Anası imam Həsən əleyhissəlamın qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, imam Baqir (əleyhissəlam) həm ata, həm də ana tərəfdən həzrət Əli (əleyhissəlam) və xanım Zəhranın (salamullahi əleyha) nəslinə yetişən ilk şəxs olmuşdur.
İmam Baqir (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat etmiş,[2] məşhur Bəqi` qəbiristanlığında atası və babasının qəbirləri kənarında dəfn edilmişdir.
O Həzrətin imamət dövrü on doqquz, ya da iyirmi il olmuşdur.
Həzrət imam Baqir əleyhissəlamın dürəfşan hədislərindən:
Həzrət imam Baqir əleyhissəlam buyurur:
اِصبِروا عَلی اداء الفَرائضِ، وَ صابِرو عَدُوُّکم، وَ رابِطوا امامَکمُ المُنتَظَرِ
“Şəriət hökmlərini yerinə yetirmək çətinliklərində səbirli olun, düşmənləriniz müqabilində dözümlü olun, intizarında olduğunuz İmam üçün hazır olun.”
Mənbə: “Qeybəte Nəmani” və “Yənabiul-məvəddət”.