Mübarək rəcəb ayının birinci gecəsinin əməlləri
21 December 2025
18:45
۰
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Mübarək rəcəb ayının birinci gecəsinin əməlləri
1. Bu gecə çox şərəfli gecədir, bu gecədə Quran oxuyub dua etmək çox tövsiyə olunmuşdur.
2. Bəzi nəzərlərə əsasən, qüsl etmək lazımdır. Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunur ki, hər kim Rəcəb ayına daxil olsa və ayın əvvəlində, ortasında və axırında qüsl alsa, anadan yeni doğulmuş uşaq kimi günahları bağışlanar.
3. Həzrət imam Huseyn əleyhissəlamı ziyarət etmək.
4. Məğrib namazından sonra iyirmi rəkət (iki-iki rükət) namaz qılmaq; hər rükətdə “Həmd”dən sonra “İxlas” surəsini oxumaq lazımdır. Hər kəs bu namazı qılsa, özü, ailəsi və mal-dövləti qəbir əzabından amanda olar və Sirat körpüsündən işıq sürəti ilə keçər.
5. İşa namazından sonra iki rəkət namaz qılmaq. Birinci rükətdə “Həmd”dən sonra bir dəfə “İnşirah” surəsini, üç dəfə “İxlas” surəsini, ikinci rəkətdə “Həmd”, ”İnşirah”, ”İxlas”, ”Fələq” və “Nas” surələri oxunur. Salamlardan sonra isə otuz dəfə “La ilahə illəllah” demək və otuz dəfə salavat göndərmək lazımdır. Hər kim bu namazı qılsa, yeni anadan olmuş uşaq kimi günahları silinər.
6. Otuz rəkət namaz qılmaq. Hər rəkətdə “Həmd”dən sonra “Kafirun” surəsini və üç dəfə “İxlas” surəsini oxumaq lazımdır.
7. Mərhum Kəfəminin “Misbah”da gətirdiyi hədisə əməl etmək. Hədis belədir; Əbulbəxtəri Vəhəb ibn Vəhəb İmam Sadiqdən (əleyhissəlam ), o da Əmirəl-möminin Əlidən (əleyhissəlam) nəql edir ki, həzrət bütün il boyu dörd gecədə hər şeydən əl götürüb, o gecələri ehya saxlayıb ibadətlə məşğul olardı. Qeyd olunan dörd gecə bunlardır; Rəcəb ayının ilk gecəsi, Şəban ayının on beşinci gecəsi, Fitr və Qurban bayramlarının gecələri. İmam Məhəmməd Cavadın (əleyhissəlam) belə buyurduğu nəql olunur ki, aşağıdakı duanı Rəcəb ayının ilk gecəsində işa namazından sonra oxumaq müstəhəbdir:
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنَّكَ مَلِكٌ وَ أَنَّكَ عَلَى كُلِّ شَيْءٍ مُقْتَدِرٌ وَ أَنَّكَ مَا تَشَاءُ مِنْ أَمْرٍ يَكُونُ اللَّهُمَّ إِنِّي أَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّدٍ نَبِيِّ الرَّحْمَةِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ يَا مُحَمَّدُ يَا رَسُولَ اللَّهِ إِنِّي أَتَوَجَّهُ بِكَ إِلَى اللَّهِ رَبِّكَ وَ رَبِّي لِيُنْجِحَ [لِي] بِكَ طَلِبَتِي اللَّهُمَّ بِنَبِيِّكَ مُحَمَّدٍ وَ الْأَئِمَّةِ مِنْ أَهْلِ بَيْتِهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ عَلَيْهِمْ أَنْجِحْ طَلِبَتِي
Əllahummə inni əs`əlukə biənnəkə məlik, və ənnəkə əla kulli şəy`in muqtədir, və ənnəkə əla ma təşau min əmrin yəkun, Əllahummə inni ətəvəccəhu iləykə binəbiyyikə Muhəmmədin nəbiyyir rəhməh, səlləllahu ələyhi və alih, ya Muhəmmədu ya rəsuləllah, inni ətəvəccəhu bikə iləllahi rəbbikə və rəbbi, liyuncihə (ila) bikə təlibəti, Əllahummə binəbiyyikə Muhəmmədin vəl əimməti min əhli bəytih, səlləllahu ələyhi və ələyhim əncih təlibəti.
İlahi, Səndən istəyirəm ki, həqiqətən, Sən hakimsən, hər bir şeyə qadirsən və istədiyin hər bir iş yerinə yetir! İlahi, rəhmət peyğəmbəri olan Məhəmməd peyğəmbərin (Allahın salamı olsun ona və onun Əhli-beytinə) vasitəsilə Sənə üz gətirmişəm! Ey Allahın Rəsulu, mənim və sənin Rəbbin olan Allahın dərgahında sənə üz gətirmişəm ki, sizin vasitənizlə hacətim rəva olunsun! İlahi, آhəzrət Məhəmməd və onun Əhli-beytindən olan imamların (Allahın salamı olsun ona və onlara) ehtiramına, hacətimi rəva et!
Sonra öz hacətlərini istə!