Fatimei Məsumə (əleyhəssalam) əxlaq və mənəviyyat örnəyi

12 December 2025

04:05

۲۸

Xəbərin xülasəsi :
Həzrət Fatimə Məsumənin (əleyhasəlam) şəxsiyyəti haqqında Ayətullah Fazil Lənkəraninin (bərəkətli həyatı davamlı olsun) açıqlamaları
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Qadınlar Həzrət Fatimeyi Məsumənin (əleyhəssalam) əxlaq və mənəviyyatını örnək etməlidirlər

Xəbərin xülasəsi:

Həzrət Fatimə Məsumənin (əleyhasəlam) şəxsiyyəti haqqında Ayətullah Fazil Lənkəraninin (bərəkətli həyatı davamlı olsun) açıqlamaları


(ardı)

Nə üçün İmamlarımız (əleyhimussalam) qalan övladları haqqında belə bir söz demədilər? İmamların (əleyhimussalam) çoxlu qızları və çoxlu övladları olmuşdur. Bəs niyə bu Bibi və onun qəbri haqqında bunu vurğulayırlar? Niyə digər İmamzadələr haqda bu qədər təkid yoxdur? Nə üçün bizdə ancaq həzrət Məsumə (əleyhəssalam) üçün “Məsur” ziyarət, yəni İmamın (əleyhissalam) xalq üçün bəyan etdiyi ziyarətnamə var? Bu təkidlər onun Allah yanında tutduğu yüksək mövqedən irəli gəlir. «فإن لکِ عند الله شأناَ من الشأن», (Finnə ləki indəllahi şə`nən minəş-şə`ən” və bu ifadə çox təəccüblüdür.

Səkkizinci İmamın (əleyhissalam) etirafına əsasən, Fatimeyi-Məsumənin Allah yanında xüsusi məqamı vardır, yəni elm, zöhd (zahidlik), ibadət və təqva baxımından o, Allah-taala yanında xüsusi şan və məqama malikdir. Bu isə onun ziyarətinə nail olan zairin daha çox diqqətli olmasına səbəb olur. Fatimeyi Məsumə əleyhəssalamın şəfaət məqamına malik olduğuna inanırıq və onun ziyarətnaməsində oxuyuruq: یا فاطمه اشفعی لنا فی الجنة (Ey Fatimə, Cənnətdə bizə şəfaət et). Bu, o Həzrətin yüksək dərəcələrindən biridir. Ancaq «فإن لکِ عند الله شأناَ من الشأن», (Finnə ləki indəllahi şə`nən minəş-şə`ən” mərtəbəsi, qeyri-adi bir məqamdır. Nə üçün bu ziyarətdə qeyd olunub ki, əgər aqibətinizin xeyirli olmasını istəyirsizsə, Həzrətin ziyarətində: «اللّهم إنی أسئلک أن تختم لی بالسعادة» (Allahım, Səndən mənə xoşbəxtlik bəxş etməyi diləyirəm)- de. Belə çıxır ki, bu mübarək varlıq insan xoşbəxtliyində güclü amil ola bilər. Əgər insan xoşbəxt olmaq istəyirsə, Fatimeyi Məsumə (əleyhəs-salam)-ın bu pak qəbri ilə əlaqəsi olmalıdır.

Hörmətli bacılar və dəyərli qardaşlar, Uca Allahın bizə bəxş etdiyi bu nemətin qədrini bilin ki, bu Bibinin məzarını Qumda təyin edib. Əsasən, nə üçün böyük filosoflarımız, fəqihlərimiz, alimlərimiz elmi problemlərini həll etmək üçün bu Həzrətə təsəssül edib sığınırdılar? Uyğunluq qanununa görə, əgər Fatimeyi Məsumənin (əleyhəssalam) Allah-taala yanında məqamı və geniş bir elmi olmasa, yəni uyğunluq yoxdursa, bu cür əlaqələr mənasızdır. Belə çıxır ki, Həzrət o qədər yüksək elmi məqama malikdir ki, filosoflarımız bu Bibinin qəbrinə üz tutublar.

Rəhmətlik atam (Allah ondan razı olsun) “Təthir” ayəsi haqqında belə deyirdi, bu mübarək ayə haqqında: «إنما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیرا» (Ey ev əhli! Allah ancaq sizdən çirkinliyi aradan qaldırmaq və sizi pak etmək istəyir)-çoxlu həll olunmamış suallarım var idi, ziyarətə getdim. (Atam ana tərəfdən seyid idi, ona görə də həzrəti Fatimeyi Məsumə onun bibisi idi.) O gün belə ərz etdim: Bibican, mən bu gün heç bir dünyəvi ehtiyaca görə gəlməmişəm, məqam, ev istəmirəm, ancaq bu şərəfli ayə haqda çoxlu suallarım və çox müəmmalarım var, onları mənim üçün həll etməkdən ötrü sizə müraciət etdim. Ziyarətgahdan çıxanda evə doğru atdığım hər addım bu suallardan birini həll olurdu və onun cavabını anlayırdım. Həmin zaman o, mərhum Ayətullah İşraqi (İmam Xomeyninin kürəkəni, Allah ondan razı olsun) ilə birlikdə “Təthir” ayəsi haqqında kitab üzərində işləyirdi. Ertəsi gün cənab İşraqi soruşdu ki, bu məlumatı haradan almısınız? Yeni bir kitabmı əldə etmisiz? Dedim ki, dünən ziyarəgetdim və bu inayətlər Bibinin bərəkətindəndir.

Əziz bacılar, əgər elm istəyirsinizsə, həzrət Məsumə (əleyhəssəlam)-a müraciət edin. Əgər dünya və axirət istəyirsinizsə, həzrət Məsumə (əleyhəssəlam)-a üz tutun. Həzrət Məsuməni (əleyhəssəlam) ziyarət edənə cənnət veriləcəyi haqqında çoxlu rəvayətlər eşitmişik, lakin bu sualı vermirik: Nə üçün? Cavab, o Həzrətin elm və ibadətdə və siyasətdə çox yüksək məqamda olmasıdır.

Abbasi hakimi Məmun həzrət İmam Rzanı (əleyhissəlam) Xorasana aparanda, həzrət Məsumə (əleyhəssəlam) bir müddət sonra qardaşını ziyarət etmək üçün Mərvə yola düşür. Bu səfər sadəcə olaraq darıxmaq üzündən qardaşımızla görüşmək arzusu deyildi, zənnimcə bu səfər həzrət Məsumənin (əleyhəssəlam) imamət mehvərini möhkəmləndirmək üçün siyasi bir addım idi. 

Elm və təqvada mükəmməlliyi ilə gənc yaşlarında həmyaşıdları, dostları və sevimliləri arasında məşhur olan həzrət Məsumə (əleyhəssəlam) buyurur: “Qardaşım Səkkizinci İmamın (əleyhissəlam) mübarək hüzurundan faydalanmaq üçün Xorasana getməliyəm”. Bu, bacılarımıza lazım olanda öz rolunu oynamaq, orada hazır olmaq, hərəkət etmək və mücahidlik göstərmək üçün nümunə ola bilər. Qadınlar (şəriət baxımdan) cihad və mübarizə aparmaq məcburiyyətində olmasalar da, onların siyasi səhnədə hazır olması, təhsili və dini təbliğ etməsi zəruridir. Həzrətin, bəlkə də bəzi alimlərin də olduğu şiələrin suallarına cavabı, İmam Kazimin (əleyhissəlam) hazır olmadığı halda o Həzrətin (əleyhəssəlam) onları cavablandırması, bacılarımız üçün elm əldə etməkdə ən yüksək mərtəbəyə çatmaq üçün nümunə olmalıdır. Elm hövzəsində olan bacılarımız ictihad səviyyəsinə çata bilirlər.

Nə üçün bu gün qadınlar arasında müctəhid varsa, bir əlin barmaqları sayı belə yoxdur? Halbuki bacıların intellektual imkanları bəzi hallarda qardaşlardan daha güclüdür, onların elmi səbri daha böyükdür, onlar bu fitri qabiliyyətdən istifadə etməlidirlər. Əgər biz bacılarımıza deyirik ki, həzrət Məsuməni özünüzə nümunə edin, bu o deməkdir ki, onlar İslam Respublikası sistemində İslam cəmiyyətinin maarifləndirilməsində əsas rol oynamalıdırlar. Bu gün qadının Quran, hədis, tarix, fiqh və əhkam haqqında nə qədər biliyə malik olduğunu göstərməlidirlər. Bu gün cəmiyyətimizin ən aktual ehtiyaclarından biri də təfəkkür və ictihad yolunu tutan savadlı bacıların olmasıdır.

Bu gün siz bilirsiniz və hamımız bilirik ki, İslam dininə hücum etməyin yollarından biri də Allah-Təalanın din hökmlərində nə üçün kişi və qadın arasında fərq qoyduğuna şəkk salmaqdır. Elm yolunda olan bacılar bu suallara rahatlıqla cavab verməlidirlər. 

Burada böyük bir səhv ondan ibarətdir ki, onlar bu şübhəyə cavab olaraq, ədaləti hökmlər və hökm meyarları baxımında səbəblər silsiləsində yerləşdirir və hər bir hökmün ədalətli olmasının labüdlüyünü söyləyərək, ədaləti mübahisəsiz bir prinsipə çevirirlər. Sonra da deyirlər ki, “Deməli, kişi ilə qadın arasında irs fərqi ədalətli deyil, ona görə də kişi ilə qadın arasında şəhadət fərqi ədalətli deyil və eynilə, bəzi nikah qanunları ədalətli deyil və biz bu gün bu qanunları dəyişdirməliyik”. Bizim dediyimiz odur ki, hansi dəlilə əsasən ədalət meyarı hökmlərin verilməsində dəxalət edir? Hökmlərin meyarları var, bəzi hallarda ədalət dəxalət edir, bir çox hallarda isə ədalət dəxalət etmir. Məsələn, heyz və qangörmə zamanı qadınlara aid olan hökmlər. Məgər qadının öz namazını qılması vacib deyil, amma orucunu qəza etməlidir? Bu hökmü qətiyyən ədalətlə izah etmək olmaz! Başqa bir meyar var.

Biz bu məsələni “Pak İmamların (əleyhimussalam) Fiqh Mərkəzi”ndə ətraflı müzakirə etdik. Həzrət Məsumə (əleyhəssalam)-ın apardığı, hətta alimlər üçün də mehvər olan rolu bu gün qadınlarımız müəyyən qədər ifa edə bilər və gərək ifa etsinlər. Onlar özlərinə verilən bu ilahi nemətdən, yəni varlıq nemətindən tam istifadə etməlidirlər. Onlar qadınların elmi hövzələrdə təhsil alması üçün nəzərdə tutulmuş şəraitdən yararlanmalıdırlar - bu da İslam Respublikasının müqəddəs quruluşunun bərəkətidir. Qadınlar bəzi sahələrdə kişilərdən daha güclü müdafiə edə bilərlər və bu sahələrdə hazır olmalıdırlar.

Bunlar Həzrət Məsumənin (əleyhəssalam) elmi, mənəvi, ibadət və siyasi məqamından ülgü götürməyin kiçik nümunələridir ki, inşallah, yaşayışımızda mümkün qədər tətbiq etməliyik. Bu Həzrətdən bizə nəql olunan hədislər azdır, lakin onların yüzlərlə olması dəqiqdir. Qədir-Xum haqqında çox mühüm hədislər buyurublar. Yaxud məşhur hədis «من مات علی حبّ آل محمدٍ مات شهیدا» (Məhəmməd ailəsinin məhəbbəti uğrunda ölən, şəhid olar) və digər rəvayətlərdə həzrət Məsumə (əleyhəssalam) öz əcdadlarının hədislərini nəql etmişdir. Bu hədislər nadir hallarda sitat gətirilsə də, biz Həzrətin həyatı haqqında daha dərin düşünməliyik və ümid edirik ki, böyük fayda əldə edəcəyik.

Əssəlamu aleykum və rahmətullahi və bərakətuh


Etiketlər :

Qadınlar Həzrət Fatimeyi Məsumənin (əleyhəssalam) əxlaq və mənəviyyatını örnək etməlidirlər