Bəqi qəbiristanında müqəddəs məzarların dağıdılması
12 April 2025
05:29
۲۱
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Bəqi qəbiristanında müqəddəs məzarların dağıdılması
Hicri-qəməri 1446 – cı il şəvval ayının 8-i, miladi 2025-ci il aprel ayının 7-i müqəddəs Mədinə şəhərində yerləşən Bəqi və Uhud qəbiristanlığında milyonlarla Əhli-beyt (əleyhimussəlam) aşiqlərinin ziyarət etdikləri dörd Məsum imamların və həzrət Həmzənin (əleyhimussəlam) müqəddəs qəbirlərinin daşürəkli vəhhabilər tərəfindən vəhşicəsinə dağıdılması tarixidir. Özlərini dindar və həqiqi müsəlman sayan geri qalmış bir vəhhabi tayfanın müqəddəs qəbirləri dağıtmaları səbəbləri, onların bəzi üzdəniraq alimlərinin saxta və əsası olmayan əqidə və dini baxışlarına söykənir.
Bu ürəkyandıran və qüssəli gün münasibəti ilə bütün qeyrətli müsəlmanlara başsağlığı deyir və mütərəqqi Əhli-beyt (əleyhimussəlam) məktəbi və haqq din tərəfdarlarının məzlumiyyəti barəsində möminlərin daha artıq agahlıq əldə etmələrini arzulayırıq.
Həqiqətdə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) tarixdə həkk olunmuş bütün nişanələrini aradan aparmaq niyyətində olan qapalı və kor vəhhabilər Məsumların (əleyhimussəlam) müqəddəs qəbirləri ilə yanaşı bir sıra şəxsiyyətlərin də qəbirlərini dağıtmışlar. Aşağıda qeyd edilən o şəxslər ibarətdirlər:
Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) şəxsən namazını qılıb dəfn etdiyi Əmirəl-möminin Əli əleyhissəlamın əziz anası Fatimə bint Əsədin müqəddəs məzarı, Kərbəla vaqiəsində dörd rəşadətli oğlunu həzrət Huseyn ibn Əlinin (əleyhimussəlam) yolunda qurban verən həzrət Ummul-Bənin (əleyhasəlam) xanımın müqəddəs məzarı, kiçik yaşlarında dünyasını dəyişən həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) oğlu İbrahimin qəbri, həzrət imam Sadiqin (əleyhissəlam) oğlu cənab İsmailin qəbri, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz qızlarının qəbirləri, həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) süd verən dayə xanım Həlimə Sədiyyənin qəbri, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) həyatı ərəfəsində Allah yolunda və İslam dininin qorunması üçün canlarını qurban verən müqəddəs şəhidləri qəbirləri və s.
Mütəəssib vəhhabilər hicri 1343-cü ildə müqəddəs Məkkə şəhərində həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) babası həzrət Əbdul-Müttəlibin, hörmətli əmisi Əbu Talibin, Qurani-kərimin “möminlərin anası” adlandırdığı Peyğəmbərin əziz xanımı həzrət Xədicənin qəbirlərini, həmçinin, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) və həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) dünyaya gəldikləri evləri dağıdıb yerlə yeksan etmiş və Ciddə şəhərində həzrət Adəm peyğəmbərin zamanından saxlanmış anamız Həvva xanımın müqəddəs qəbrini və başqa qəbirləri və tarixi abidələri –dini əqidələr və inanclara uyğun olmamaq bəhanəsi altında – vəhşicəsinə dağıtmışlar. Məhz vəhhabilərin belə təsəvvürlərinə əsaslanan bəzi terrorist törəmələri hazırda müqəddəs İslam dinini bütün dünyada vəhşi və yırtıcı din kimi tanıtmaq istəyirlər.
Vəhhabilər müqəddəs Mədinə şəhərində bütün müsəlmanların ən böyük ziyarətgahı, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) şərəfli məzarının günbədini top atəşinə tutmuş və bu şərəfli məzarı dağıtmaq istəyində olmuşlar. Lakin bir sıra müsəlman ölkələrin hədə-qorxusundan sonra şərafətli qəbrin dağıdılmasından çəkinmişlər. Buna baxmayaraq o zamandan indiyə qədər vəhhabi muftilərinin həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) müqəddəs qəbrini dağıtmaq arzuları açıq-aşkar olaraq mətbuatda dərc edilir.
İfratçı və geridə qalmış vəhhabilər Bəqi qəbiristanlığında Məsumların (əleyhimussəlam) müqəddəs məzarlarını dağıtdıqdan sonra orada olan qiymətli və dəyərli əşyaları haqsızlıqla mənimsəmiş və həmçinin həzrət Həmzə əleyhissəlamın və həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz ana və atasının – həzrət Abdullah və Aminənin – qəbirlərini yerlə yeksan etmişlər.
Bu vəhşi və yırtıcı tayfa həmin ildə müqəddəs Kərbəla şəhərinə hücum etmiş, həzrət İmam Huseyn əleyhissəlamın müqəddəs məzarının üzərində düzəldilmiş zərihi yerindən qoparmış, əsasən padşahlar və sultanlar tərəfindən bu müqəddəs məkana hədiyyə olunmuş son dərəcə qiymətli və nəfis sənət əşyalarını qarət edib yəğmayə aparmışlar. Kərbəla şəhərində və müqəddəs məzara sığınmış 7 minə yaxın alim, seyyid və fəzilət sahiblərini qətlə yetirməklə bu şəhərin küçə və bazarında günahsız insanların qanını su kimi axıtmışlar.
Vəhhabi vəhşiləri müqəddəs Kərbəlanı qarət edib müsəlmanları qətlə yetirdikdən sonra Nəcəfi-əşrəfə üz tutmuşlar, lakin orada müsəlmanların müqaviməti ilə üzləşmiş və şəhər əhlini qarət etməyə nail olmadan məğlubiyyətlə üzləşərək oradan geri dönmüşlər.[1]