Həzrət imam Əli ibn Əbitalibin (əleyhissəlam) şəhadəti
25 March 2025
09:32
۱۷
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Əli ibn Əbitalibin (əleyhissəlam) şəhadəti
Hicri qəməri 1446-cı il, ramazan ayının 21-i, miladi 2025-cü il mart ayının 22-i imamət və vilayət səmasının birinci parlaq ulduzu, Natiqi-Quran, Əmirəl-möminin, müttəqilərin mövlası həzrət Əli ibn Əbi Talibin (əleyhissəlam) şəhadət günüdür.
Həzrət Əmirəl-mö’minin Əli ibn Əbi Talib (əleyhissəlam) həzrət Rəsuləllaha (sallallahu əleyhi və alih) ilk iman gətirən müsəlman və İslam dininin möhkəmlənməsində misilsiz fədakarlıqlar etmişdir. Bu ağır və əzəmətli hüzn və qəmi ilk növbədə həzrət imam Sahib Zaman əleyhissəlama və eləcə də bütün din sevər mömin bacı qardaşlara təsəlli və başsağlığı deyirik.
Həzrətin atası Əbu-Talib ibn Əbdül-Müttəllib ibn Haşim ibn Əbdül-Mənaf, anası Fatimə binti Əsəd ibn Haşim olmuşdur. Göründüyü kimi, həzrət Əli (əleyhissəlam) həm ata, həm də ana tərəfdən Haşimi soyundandır.
Hədislərdə Fatimə binti Əsəd və Əbu-Talibin Allahpərəstliyi və müsəlman olması da bildirilir. Onlar cahiliyyət dövründə də tək Allaha inanmışlar. Öz övladlarına ad vermək üçün Allah dərgahına üz tutmuş, onun əmrini gözləmişlər. Fatimə binti Əsəd həzrət Peyğəmbər üçün ana kimi olmuşdur. Fatimə həzrətə ilkin iman gətirənlərdən və Mədinəyə mühacirət edənlərdəndir. O, dünyasını dəyişdiyi vaxt həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) öz köynəyini Fatimə üçün kəfən etmiş, onun cənazəsinə namaz qılmış, qəbir sıxıntısından qurtarmaq üçün qəbrinə enmiş, ona təlqin buyurmuş və dua etmişdir.[1]
Həzrət imam Sadiq (əleyhissəlam) buyurmuşdur: «Əbu Talib Kəhf səhabələri kimidir. Qəlbində iman vardı, zahirən müşrik görünürdü. Allah ona iki mükafat verdi: Birini imanına, o birini isə təqiyyəsinə görə».[2]
Həzrət Peğyəmbər (sallallahu əleyhi və alih) həzrət Əliyə (əleyhissəlam) buyurur: «Səni Allahdan və məndən başqa kimsə yetərincə tanımadı».